Arduino nədir? Bu sualın cavabı, və Arduinonu örgənmək üçün, yazdığımız Arduino dərsləri seriasını oxumağınızı tövsiyyə edirik.
Arduino, elektronikanı və embedded sistemləri (Mikrokontroller) proqramlaşdırmağı örgənmək və ya sadə və mürəkkəb elektronika proektlərini hazırlamaq üçün istifadə olunan açıq mənbəli ekosistemdir. Bu ekosistemə Arduino kartları (Arduino Uno, Arduino Mega, Arduino Nano və.s.), müxtəlif sensorlar və modullar (Temperatur-rütubət sensoru, məsafə ölçən sensor, internetə qoşulmaq üçün modullar və.s. ) və kod yazmaq üçün interfeys (Arduino IDE) daxildir.
Arduino kartlarının üzərində müxtəlif Mikrokontrollerlər və dövrə elementləri istifadə olunur. Arduino kartları analoq və rəqəmsal I/O (Giriş/Çıxış) pinlərindən ibarətdir ki, bu pinlər Breadboarda qoşulmaq, sensorlar və modullarla əlaqə yaratmaq üçün istifadə edilir. Arduino kartlarına komputerdən proqramların yüklənməsi üçün, Universal Serial Bus (USB)-dən istifadə edilir. Arduino karlarının bəzi modellərinə (üzərində USB girişi olmayan) serial xəbərləşmə interfeyslərindən (Məsələn UART) istifadə edərək proqram yazmaq mümkündür. Arduino ekosistemi həmçinin kodu Arduino kartlarına yükləmək üçün Arduino IDE (Integrated Development Environment) təqdim edir.
Arduino GPL və LGPL çərçivəsində səlahiyyətlidir. Birsözlə Arduino-dan istifadə etmək tam ödənişsizdir, və Arduino kartları hər kəs tərəfindən istehsal edilə bilər.
Arduino ilə hazırlana biləcək proektlərin sayı-hesabı yoxdur. Amma təsəvvür yarada bilmək üçün birneçə nümunəyə baxa bilərsiniz.
- Avtomobillər üçün park-radar sistemi.
- Müəyyən zaman aralığında motoru işə salmaq.
- Ağıllı ev sistemləri.
- Robot və RC maşınlar.
- İnternetə qoşularaq e-mail ünvanlarına mesajlar göndərmək
Xüsusiyyətləri
- Arduino proqramlaşdırması C və C++ dilinin sadələşdirilmiş versiyasıdır, örgənmək asandır.
- Arduino kartlarına kod yükləmək üçün əlavə cihazlara (programator) ehtiyac yoxdur.
- Arduino kartları analoq və rəqəmsal siqnalları oxuya bilir.
- Arduino kartlarından və proqram təminatından istifadə etmək asandır.
Mikrokontroller
Arduino-nun ən əhəmiyyətli hissəsi yəni beyni – Mikrokontrollerdir. Mikrokontroller kiçik ölçülü və az enerji sərf edən kompüterdir. Mikrokontrollerlərin əksəriyyətində digər kompüterlər kimi RAM, CPU (Prosessor) və yaddaş qurğusu var. Şəkildə göstərilən Arduino Uno modelinin üzərində yerləşən Atmega 328 mikrokontrolleridir və xüsusiyyətləri aşağıdakı kimidir:
- 32KB yaddaşa malikdir. Qeyd edək ki yazılan kodlar bu yaddaşa yüklənir.
- 16MHz işləmə tezliyinə malikdir.
- Çipdə mövcud olan GPIO (Ümumi Məqsədli Giriş Çıxış) pinləri digər elektronik sxemləri idarə etməyə kömək edir.
Ətrafımızdakı Elektronik Cihazlar
Ətrafımızda çoxlu elektronik cihazlar var. Cihazlaın əksəriyyəti işləməsi üçün mikrokontollerdən istifadə edir. Bəzi nümunələrə baxaq.
- Mikrodalğalı sobada, istifadəçinin daxil etdiyi parametrləri mikrokontroller ilə qəbul edir və yeməyi qızdırmaq üçün lazım olan dalğaların yaranması üçün əmrlər verir.
- Müasir avtomobillərdə işıqlandırma, radio və s. kimi funksiyaları idarə etmək üçün mikrokontrollerlərdən istifadə edilir.
Arduino IDE
Əvvəldə də deyildiyi kimi Arduino IDE, proqram yazmaq və Arduino kartlarına yükləmək üçün istifadə edilir. Arduino IDE –ni Windows , Mac OS və Linux üçün yükəyə bilərsiniz. Arduino IDE C və C++ proqramlaşdırma dillərini dəstəkləyir . Kodu yükləyə bilmək üçün Arduino kartını USB vasitəsi ilə komputerə qoşmaq lazımdır.
Arduino kartlarının klon versiasını istifadə edirsinizsə, kartın üzərində olan CH340 USB-UART çeviricisinin sürücüsünü də yükləməniz lazımdır. Daha ətraflı 3cü dərslikdə...
Arduino Kartları
Müxtəlif məqsədlər üçün istifadə olunan müxtəlif Arduino kartları mövcuddur. Kartlar giriş/çıxış pinləri, ölçüsü və s. ilə fərqlənir. Arduino kartlarında mövcud olan müxtəlif komponentlər var. Mikrokontroller, Rəqəmsal Giriş/Çıxış pinləri, USB İnterfeys və Konnektor, Analoq pinlər, Resetləmə düyməsi, LED-lər, Kristal Osilator və Gərginlik stablizatoru. Bəzi komponentlər kartın növündən asılı olaraq fərqlənə bilər.
Məşhur Arduino kartlarından bəzilərinə baxaq.
Shield (Şildlər)
Shield (Şild) dilimizə qalxan olaraq tərcümə edilir.
- Şildlər, layihələrin imkanlarını artırmaq üçün kartların üzərinə montaj edilə bilən, özlərində müxtəlif sensor və ya modulları cəmləşdirən aparatlardır.
- Şildə nümunə olaraq şəkildə Ethernet (İnternet) aparatı göstərilmişdir:
- Şildlər ilə birlikdə Arduino layihələri daha da sadə həll edilə bilər. Məsələn, Ethernet şildləri Arduino kartlarını İnternetə qoşmaq üçün istifadə olunur.
- Şildlər heçbir naqil olmadan asanlıqla Arduino kartlarına qoşula və ayrıla bilər.
Tövsiyyələr
Arduino tələbələr, mühəndislər və həvəskarlar tərəfindən istifadə üçün nəzərdə tutulub. Arduino dərsləri ni daha yaxşı mənimsəyə bilmək üçün dövrə elementləri və proqramlaşdırma haqqında baza biliklərinə eytiyac var. Kursu öncə kodlaşdırma üçün baza biliklərini əldə edərək başlayıb, daha sonra Arduino kodlaşdırması ilə davam edəcəyik.
Sadəcə Arduino dərsləri yazılanları oxuyaraq Arduino proqramlaşdırmasını örgənmək mümkün deyil. Kursda yazılan kodları, işlənilən proektləri tətbiq etmək üçün aşağıda qeyd olunan variantlardan birini seçə bilərsiniz.
Birinci seçim Simulyasiya proqramlarından istifadə etməkdir. Simulyasiya proqramlarının çoxu ödənişsizdir. Fiziki Arduino kartı və sensorlar olmadan simulyasiya proqramlarında dövrə qurub yazdığınız kodu yükləyib test edə bilərsiniz.
Tövsiyyə edilən simulyasiya platforması Tinkercad -dir. Onlayn platformadır, simulyasiyadan istifadə edə bilməyiniz üçün sayta keçid etdikdən sonra qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatınız varsa login olaraq simulyasiyaya başlaya bilərsiniz. Tinkercad - keçid etmək üçün buraya klik edin.
İkinci və tövsiyyə etdiyimiz seçim, Arduino kartı və ya Arduino dəstlərindən birini əldə etməkdir. Kurs Arduino Uno kartı üzərindən izah ediləcək. Arduino kartınız artıq varsa, kursda istifadə edəcəyimiz müxtəlif sensor və modulları kursa davam etdikcə əldə etməyiniz və istifadə etməyiniz tövsiyyə olunur. Əgər sensorları və ya modulları tək-tək almaq sizin üçün uyğun deyilsə, bu kurs üçün hazırladığımız Arduino dəstlərindən faydalana bilərsiniz.
Embedded.az olaraq Arduino dərsləri üçün fərqli Arduino dəstləri hazırlamışıq.
- Arduino Uno Dəsti #1. Bu dəst həvəskarlar üçün nəzərdə tutulub. İçərisindəki komponentlər, led yandırıb-söndürmək, buttondan sitifadə etmək, analoq dəyərlər oxumaq kimi prosesləri icra etmək üçün kifayət edir.
- Arduino Uno Dəsti #2. Bu dəst #1-ci dəst içərisindəki bütün komponntləri əhatə edir, əlavə olaraq məsafə sensoru, NTC, buzzer kimi komponentlərlə zənginləşdirilib.
- Arduino Uno Dəsti #3. Bu dəst #2-ci dəst içərisindəki bütün komponntləri əhatə edir, əlavə olaraq LCD ekran, səs sensoru, İnfraqırmızı işıq qəbul edici və ötürücü kimi komponentlərlə zənginləşdirilib.
Aşağıda verilən linklərə klik edərək dəstlərin tərkibi haqqında daha ətraflı məlumatlar əldə edə bilərsiniz.
#arduinotutorials #arduino kursu #arduino baki #arduino azərbaycan #arduino kodlama #arduino kod yazmaq