Hüquqi Sənəd
İstifadə Şərtləri
Bu şərtlər Embedded.az saytından və Embedded.az mobil tətbiqindən istifadə qaydalarını müəyyən edir.
Son yenilənmə: 11 sentyabr 2026
İstifadə Şərtləri Haqqında
Bu şərtlər Embedded.az saytından və Embedded.az mobil tətbiqindən istifadə qaydalarını müəyyən edir. Saytı və ya tətbiqi istifadə etməklə bu şərtləri oxuduğunuzu və qəbul etdiyinizi təsdiqləyirsiniz. Şəxsi məlumatların emalı ayrıca Məxfilik Siyasəti ilə tənzimlənir.
1. Ümumi məlumat
- Embedded.az elektronika, embedded sistemlər və proqramlaşdırma sahəsində platformadır: onlayn mağaza, xəbərlər, təhsil kursları, elektronika təmiri və mühəndislik xidmətləri, təmir və xidmət işlərinin aparıldığı kabinet, bonus proqramı və paylaşımlar bölməsi. Mobil tətbiq bu xidmətlərin eyni hesab ilə mobil cihazdan istifadəsini təmin edir.
2. İstifadə qaydaları
- İstifadəçilər Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməli və platformadan yalnız qanuni məqsədlərlə istifadə etməlidir. Verilən məlumatlar dəqiq və aktual olmalıdır. Sayt və tətbiq məzmunu (mətnlər, şəkillər, dərs materialları, proqram kodu) icazəsiz kopyalana, yayıla və ya kommersiya məqsədilə istifadə edilə bilməz. Tətbiqin işinə müdaxilə, avtomatlaşdırılmış sorğular və təhlükəsizlik mexanizmlərindən yan keçmək qadağandır.
3. Qeydiyyat və hesab təhlükəsizliyi
- Bəzi xidmətlər qeydiyyat tələb edir; qeydiyyat e-poçt və parol ilə və ya Google hesabı ilə mümkündür. Xidmətdən istifadə üçün minimum yaş 16-dır. Hər şəxs yalnız bir hesab saxlaya bilər; saxta və ya çoxsaylı hesablar bağlanılır. Hesabınızın və parolunuzun təhlükəsizliyinə görə siz cavabdehsiniz. Yeni cihazdan giriş barədə bildiriş alırsınız; tanımadığınız sessiyanı tətbiqin «Aktiv sessiyalar» bölməsindən dərhal bağlamalı və bizə bildirməlisiniz.
4. Hesabın silinməsi
- Hesabınızı istənilən vaxt tətbiqdən (Hesab → Ayarlar → Hesabı sil) və ya vebdən silə bilərsiniz. Silmə geri qaytarılmır; nəticələri Məxfilik Siyasətində təsvir olunub. Kabinetdə hər iki tərəfin təsdiqlədiyi maliyyə qeydləri sənəd kimi qalır, lakin şəxsi məlumatlarınız onlardan silinir.
5. İstifadəçi məzmunu
- Yerləşdirdiyiniz məzmuna (rəylər, şəkillər, şərhlər, kabinet faylları, səs və video mesajlar) görə siz cavabdehsiniz. Qadağandır: qanunsuz materiallar, böhtan, yalan məlumat, spam, başqasının şəxsi məlumatının icazəsiz paylaşılması, müəllif hüquqlarının pozulması. Platforma məzmununuzu xidmət çərçivəsində göstərmək və saxlamaq üçün qeyri-eksklüziv icazə alır; müəllif hüququ sizdə qalır. Pozuntu halında məzmun silinə və hesab məhdudlaşdırıla bilər. Paylaşımlara yazılan şərhlər moderasiya edilə bilər; qaydaları pozan məzmunu şikayət funksiyası ilə bildirə bilərsiniz.
6. Rəylər
- Rəylər real təcrübəyə əsaslanmalıdır; ödənişli, saxta və ya sifarişlə yazılmış rəylər qadağandır. Rəy yazmaq üçün e-poçtu təsdiqlənmiş hesab tələb olunur. Rəyə ən çox 5 şəkil əlavə etmək olar; şəkillər moderasiyadan keçir.
7. Məhsullar və sifarişlər
- Məhsullar stokda olduğu müddətdə təklif olunur; stokda olmayan məhsullar kartda müvafiq işarə ilə göstərilir. Məhsul şəkilləri və təsvirləri məlumat xarakterlidir, kiçik fərqlər ola bilər. Qiymət və ya stok xətası halında sifariş ləğv edilə bilər. Sifariş yerləşdirildikdən sonra e-poçt və ya bildirişlə təsdiqlənir və statusu (gözləyir, təsdiqləndi, hazırlanır, göndərildi, çatdırıldı) tətbiqdə izlənilir. Göndərilənə qədər sifarişi tətbiqdən özünüz ləğv edə bilərsiniz. Çatdırılan sifarişi qəbul etdiyinizi tətbiqdə təsdiqləyə və qaiməni yükləyə bilərsiniz.
8. Qiymət təklifləri
- Fərdi qiymət təklifləri (kotirovka) linklə göndərilir və göstərilən tarixə qədər keçərlidir. Təklifi yalnız o təklifin ünvanlandığı hesab sifarişə çevirə bilər; vaxtı keçmiş və ya ləğv edilmiş təkliflər sifariş edilə bilməz. Təklifdəki məhsullar stokda olduğu müddətdə keçərlidir.
9. Qiymət, ödəniş və çatdırılma
- Qiymətlər Azərbaycan manatı (₼) ilə göstərilir və dəyişə bilər. Onlayn ödəniş yoxdur; ödəniş sifarişi təhvil alarkən — kuryerə və ya anbarda — həyata keçirilir. Kart məlumatları platformada saxlanılmır. Çatdırılma iki üsulla mümkündür: anbardan özünüz götürmək (pulsuz) və ya taksi / kuryer ilə çatdırılma — bu halda çatdırılma haqqı məsafədən asılıdır və birbaşa sürücüyə ödənilir, sifariş məbləğinə daxil deyil.
10. Dəyişdirmə və geri qaytarma
- Dəyişdirmə və geri qaytarma «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.
- Lazımi keyfiyyətli mal: alınma günü sayılmamaqla 14 gün ərzində, əgər istifadə olunmayıbsa, əmtəə görünüşü, istehlak xassələri, plombu və yarlığı saxlanılıbsa, malı eyni dəyərli başqa mala dəyişdirə bilərsiniz; uyğun mal olmadıqda malın dəyəri geri qaytarılır. Sifariş qaiməsi və ya tətbiqdəki sifariş qeydi alış sənədi sayılır. Nazirlər Kabinetinin təsdiq etdiyi dəyişdirilməyən mallar siyahısına düşən mallar istisnadır.
- Qüsurlu mal: zəmanət müddəti ərzində (zəmanət müddəti göstərilməyibsə — qanunvericilikdə nəzərdə tutulan müddətdə) pulsuz təmir, eyni mala dəyişdirmə, qiymətin uyğun azaldılması və ya sifarişin ləğvi ilə ödənilmiş məbləğin geri qaytarılması tələb edilə bilər.
- Hər iki halda əvvəlcə tətbiqdəki və ya saytdakı əlaqə kanalları ilə bizə müraciət edin; malın qaytarılma qaydası (anbara gətirmə və ya kuryer) razılaşdırılır.
11. Təmir və mühəndislik xidmətləri
- Cihazlar göndərilmədən əvvəl bizimlə razılaşdırılmalıdır; razılaşdırılmamış göndərişlər qəbul olunmur. Diaqnostika ödənişli xidmətdir (platanın mürəkkəbliyindən asılı olaraq 10–50 ₼); təmirə davam etdikdə bu məbləğ təmir dəyərindən çıxılır. Ehtiyat hissələrin mövcudluğu və zədənin ağırlığı səbəbindən təmirin uğurlu olacağına zəmanət verilmir. Görülən işə və dəyişdirilən hissələrə 1 ay zəmanət verilir; zəmanət yalnız bizim tərəfimizdən görülən işlərə aiddir. Mühəndislik və layihə işləri ayrıca razılaşma əsasında görülür.
12. Kabinet — iş qeydləri
- Kabinet müştəri ilə ustanın/biznesin arasında təmir və xidmət işlərinin ortaq qeyd dəftəridir. İşə əlavə olunan pul qeydləri qarşı tərəfin təsdiqini gözləyir; hər iki tərəf təsdiqlədikdən sonra qeyd iki tərəfin razılaşdığı sənəd sayılır və dəyişdirilmir — düzəliş yalnız yeni düzəliş qeydi ilə edilir. Kabinetdəki balans və məbləğlər tərəflər arasındakı hesablaşmanı əks etdirir; Embedded.az bu ödənişlərə vasitəçilik etmir. Kabinetə əlavə edilən fayllar, fotolar, videolar və səs mesajları yalnız həmin işin tərəflərinə görünür.
13. Təhsil kursları
- Kurslara giriş kurs və ya dərs səviyyəsində Embedded.az tərəfindən açılır. Dərs materialları yalnız şəxsi öyrənmə üçündür; yüklənmiş faylların və video/mətn materiallarının paylaşılması, yenidən dərci və satışı qadağandır. Test nəticələri hesabınızda saxlanılır. Kurslara girişin şərtləri və ödənişi ayrıca razılaşdırılır.
14. Bonus proqramı və dəvət kodu
- Bonus xalları yalnız platforma daxilində keçərlidir; nağd pula çevrilə və ya başqasına ötürülə bilməz. Proqramdan istifadə üçün tətbiqdə bonus proqramının qaydalarını qəbul etmək lazımdır; qaydalar dəyişdikdə yenidən qəbul tələb oluna bilər. Dəvət kodu yalnız real yeni istifadəçilər üçün nəzərdə tutulub; sui-istifadə (saxta hesablar, öz-özünü dəvət) halında xallar ləğv olunur.
15. Bildirişlər
- Sifarişlər, kabinet işləri, kurslar və hesab hadisələri üçün e-poçt və push bildirişləri göndərilir. Push bildirişlərini tətbiqin ayarlarından və ya cihaz parametrlərindən söndürə, marketinq e-poçtlarından istənilən vaxt imtina edə bilərsiniz. Təhlükəsizliklə bağlı bildirişlər (məsələn, yeni cihazdan giriş) hesabın qorunması üçün göndərilir.
16. Mobil tətbiq
- Tətbiq Google Play vasitəsilə yayımlanır və ona Google Play-in öz qaydaları da şamildir. Tətbiqin köhnə versiyaları serverlə uyğunsuz olduqda yeniləmə tələb oluna bilər. Tətbiq cihazın yer, mikrofon və bildiriş icazələrini yalnız müvafiq funksiya istifadə olunanda və sizin razılığınızla işlədir. Xəritə xidməti MapTiler və OpenStreetMap məlumatları əsasında göstərilir. Sayt linkləri (məhsul, xəbər, sifariş, dərs) tətbiq quraşdırılmış cihazda birbaşa tətbiqdə açıla bilər.
17. Məxfilik
- İstifadəçi məlumatları Məxfilik Siyasətinə uyğun qorunur. Məlumatlar satılmır; yalnız xidmətin göstərilməsi üçün zəruri texniki tərəfdaşlarla və çatdırılma üçün kuryerlə paylaşılır.
18. Xidmətin işi və dəyişikliklər
- Xidmət yenilənə bilər və texniki fasilələr baş verə bilər; fasilə zamanı tətbiq bu barədə məlumat göstərir. Məzmun, qiymətlər və funksiyalar dəyişdirilə və ya silinə bilər. Şərtlərdəki dəyişikliklər dərc olunduğu andan qüvvəyə minir; əhəmiyyətli dəyişikliklər tətbiqdə və ya e-poçtla bildirilir.
19. Məsuliyyətin məhdudlaşdırılması
- Platforma «olduğu kimi» təqdim olunur. Qanunla icazə verilən həddə Embedded.az dolayı zərərlərə, məlumat itkisinə və ya xidmətin müvəqqəti əlçatmazlığına görə məsuliyyət daşımır. Məhsul və xidmətlərə dair məsuliyyət Azərbaycan Respublikasının istehlakçı hüquqları qanunvericiliyi ilə müəyyən edilir.
20. Tətbiq olunan hüquq və mübahisələr
- İcazəsiz istifadə və ya şərtlərin pozulması hüquqi nəticələrə səbəb ola bilər. Mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir; səlahiyyətli məhkəmə Bakı şəhəri məhkəmələridir. Suallar üçün: [email protected].
Əlavə Sualınız Var?
Şərtlər və qaydalarla bağlı hər hansı sualınız üçün bizimlə əlaqə saxlayın.
Əlaqə saxla