AI və riyaziyyatın “Everesti”
Riemann hipotezi riyaziyyatın ən məşhur həll olunmamış məsələsidir və sadə desək, sadə ədədlərin paylanmasını müəyyən edən Riemann zeta funksiyasının sıfırlarının konkret şaquli xətt üzərində yerləşdiyini iddia edir. Bu məsələ 1859-cu ildən açıqdır və rəsmi olaraq 1 milyon dollarlıq mükafata malikdir.
Son günlərdə bəzi media başlıqları Anthropic şirkətinin riyaziyyatçısı Levent Alpöge və Claude modeli ilə birlikdə hipotezi tam sübut etdiyini yazsa da, Anthropic-in rəsmi açıqlaması bunu təsdiqləmir. Şirkətin paylaşdığına görə, Claude hipotezin özünü sübut etməyib, lakin onunla bağlı yan nəticə əldə edib.
Claude-un real nailiyyəti nədir?
Anthropic-in tədqiqat versiyası olan Claude Riemann zeta funksiyasının sıfırları üçün vacib bir kəmiyyətə yeni rekord qoyub: kritik xətt üzərində yerləşən sıfırların mütləq minimum payı üçün aşağı sərhədi əvvəlki 41,6% dəyərindən 67,2%-ə qaldırıb.
Bu nəticə:
- Aryan, Baluyot, Goldston, Suriajaya, Turnage-Butterbaugh və
- Bombieri (2000) kimi tədqiqatçıların əvvəlki işlərinə əsaslanır.
Claude Weil-in induksiya etdiyi kvadratik forma ilə funksiyalar fəzası qurur, xətt üzərində və xəttdən kənardakı sıfırlara uyğun müsbət və mənfi müəyyən altfəzalara baxır və bu kvadratik formanı rütbə bərabərsizliyi vasitəsilə təhlil edir. Bu yanaşma sayəsində yeni aşağı sərhəd alınır.
Necə işləyib və niyə önəmlidir?
Nəticə Claude Code mühitində iki sessiyada, təxminən 31 milyon token çıxışla əldə olunub. Model yüzlərlə ideyanı sınayıb, 60-a yaxın subagent ilə minlərlə shell əmri və Python skripti işə salıb, zeta sıfırları üzrə çoxsaylı ədədi yoxlamalar aparıb və öz sübutunu dəfələrlə yenidən qurub.
Anthropic-in riyaziyyatçıları Levent Alpöge və Ralph Furman nəticəni yoxlayıb, əlavə olaraq Claude Lean sistemi ilə formal sübut da verib.
Bu, Riemann hipotezinin həlli deyil, amma göstərir ki, AI modelləri artıq mövcud riyazi ideyaları inkişaf etdirib, yeni teorem tipli nəticələr çıxara bilirlər. Gələcəkdə həm riyaziyyatçılar, həm də embedded mühəndislər üçün AI ilə birgə işləmə ənənəvi alət dəstinin bir hissəsinə çevrilə bilər.
Mənbə: Anthropic, Gündəm · nytimes.com · Üz şəkli: Anthropic










